Sentyabrın 27-29-da Pekində 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransı keçiriləcək.

Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçiriləcək tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını elmi yolla dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir. Konfransda “İpək yolu üzərində Azərbaycan”, “Azərbaycanşünaslığın tarixi qaynaqları və tədqiqat metodları”, “Azərbaycan dilinin beynəlxalq tədrisi”, “Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi”, “Azərbaycan-Çin: mədəniyyətlərarası əlaqələr” və “Bir kəmər, bir yol” çərçivəsində Azərbaycan-Çin iqtisadi əlaqələri” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Azərbaycanla Çin arasında əlaqələrin tarixi qədim İpək yolunun fəaliyyətə başlaması dövrünə təsadüf edir. İki ölkə arasında son illər sürətlə inkişaf edən iqtisadi və humanitar əlaqələr xalqlarımızın bir-birini daha yaxından tanıması zərurətini ortaya çıxarıb. Məsafəcə uzaq olan iki qədim dövlət mədəniyyət, adət-ənənə, milli düşüncə və mənəvi dəyərlər baxımından bir-birinə olduqca yaxındır. 2015-ci ildə Çin Təhsil Nazirliyinin Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasının yaradılması ilə bağlı qərarı, 2016-cı ildə universitetdə Azərbaycan dili kafedrasının təşkil edilməsi, 2018-ci ildə ölkədə ilk dəfə Azərbaycan dili ixtisasına qəbulun həyata keçirilməsi, bütün bunlarla yanaşı, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti ilə bağlı araşdırmaların aparılması Çində azərbaycanşünaslığın bir elm kimi formalaşmasının başlanğıcı hesab olunur. Bu ənənələrin davamı olaraq Pekin Xarici Dillər Universitetində ilk dəfə azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfransın keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Konfransda iştirak etmək istəyənlər avqustun 30-dək təşkilatçılara müraciət edə (agshinaliyev@bfsu.edu.cn) bilərlər.