ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində (paytaxt Vaşinqtona yaxın) Azərbaycan Evinin açılışı olub. Mərasimdə ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Açılış lentini Dövlət Komitəsinin sədri Fuad Muradov kəsib.

Azərbaycan Evinin həmtəsisçiləri Ayan Əliyeva və Sevda Tahirli çıxış ediblər. Ayan Əliyeva bildirib ki, Azərbaycan Evinin əsas məqsədi ilkin mərhələdə Azərbaycandan gələn, ABŞ-də doğulmuş uşaqlara doğma dilimizin tədris edilməsi olacaq.

Sevda Tahirli qeyd edib ki, uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxinin təbliğatı istiqamətində gördükləri işləri artıq Azərbaycan Evi adı altında davam etdirəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın dövlət olaraq bu fəaliyyətləri hər zaman dəstəkləməyə davam edəcəyini bildirib. O vurğulayıb ki, Azərbaycan evlərinin funksional şəkildə fəaliyyət göstərməsi vacibdir və bu fəaliyyətlər əsasən icmanın istəkləri istiqamətində olmalıdır.

Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev də soydaşlarımızın bu istiqamətdəki fəaliyyətlərinə dəstəyi davam etdirəcəklərini deyib.