Səfir Polad Bülbüloğlu: "Moskva və Bakı problemli məsələləri dostcasına müzakirə edirlər"

 

Avqustun 18-də axşam saatlarında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. İkigünlük səfər zamanı yüksək səviyyəli danışıqlar Azərbaycan-Rusiya münasibətlərinin geniş spektrini əhatə edəcək.

Hazırda Rusiya-Azərbaycan münasibətlərində dərin ziddiyyətlər yoxdur, iki ölkə fəal əməkdaşlıq edir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS informasiya agentliyinə müsahibəsində deyib.

Səfir əlavə edib: “Əlbəttə, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin çox yüksək müttəfiqlik səviyyəsində olması məni sevindirir. Biz çox fəal işləyirik və bu gün ölkələrimiz arasında dərin ziddiyyətlər yoxdur”.

Səfirin vurğuladığı kimi, Moskva və Bakı bütün problemli məsələləri açıq və dostcasına müzakirə edirlər. “Hər bir evdə, hər hansı bir ailədə və ya istənilən bir münasibətdə olduğu kimi, bəzi fikir ayrılıqları ola bilər – bu, həyatdır, amma ən əsası, bu gün bizim elə münasibətlərimiz var ki, açıq şəkildə, dostcasına və çox mehriban bir şəraitdə ortaya çıxan həmin problemləri müzakirə edə bilərik”, – deyə P.Bülbüloğlu vurğulayıb.

O, həmçinin iki ölkənin nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə diqqət çəkib. “Hazırda iki ölkənin Xarici İşlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfindən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun, Azərbaycan tərəfindən isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya çox səmərəli işləyir. Sonuncu görüş bu yaxınlarda - avqustun 9-da Bakıda oldu. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirlər və bir çox sahə nazirləri bir-biri ilə birbaşa əlaqə saxlayırlar”, -deyə diplomat bildirib.