Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq.
Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə məhdud tərkibdə keçirilən görüşdə deyib: “Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”.
***
Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə bildirib.
Rusiyanın dövlət başçısı vurğulayıb: “Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir”.