Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə 15-18 avqust tarixlərində Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində şagirdlər üçün yay məktəbi layihəsi həyata keçirilib.
2024-cü ilin martında istifadəyə verilən Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzi yenidən qurulan Füzuli şəhərinə qardaş Qazaxıstan Respublikasının hədiyyəsidir. Layihədə Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan, 2023-cü ilin avqust ayında istifadəyə verilmiş Füzuli şəhər Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Rəngarəng proqramı olan “Füzulidə yay məktəbi” layihəsi çərçivəsində reallaşan “musiqi günü”ndə iştirakçılar üçün tanınmış incəsənət xadimləri tərəfindən ustad dərsləri keçirilib. Həmçinin konsert təşkil olunub.
Xalq artisti, opera müğənnisi Samir Cəfərov musiqi və xanəndəliyə marağı olan məktəblilər üçün vokal üzrə ustad dərsi verərək ifaçılığın sirlərini onlarla paylaşıb. Məktəblilərlə həm fərdi, həm kollektiv şəkildə məşğul olan sənətçi hər bir şagirdə üzərində çalışmalı olduğu istiqamətlər üzrə tövsiyələrini verib.
Xalq artisti, aktyor Vidadi Həsənov açıq havada məktəblilərlə teatr və yaradıcılıq haqqında söhbət edib. Məktəblilərin oxuduqları kitablar, baxdıqları filmlərlə maraqlanan aktyor gələcəkdə incəsənət sahələri üzrə ixtisaslaşmaq istəyən şagirdlərə özlərini inkişaf etdirməklə bağlı məsləhətlər verib, onlarla səhnədə özünüifadə və diqqəti toplama məqsədli öyrədici oyunlar təşkil edib.
Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin akt zalında “Qarabağ bülbülləri” Füzulidə” adlı konsert proqramı keçirilib. Konsertdə Əməkdar artist, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Qarabağ bülbülləri”nin məharətli ifaları böyük maraqla qarşılanıb.
Layihə üzrə Uşaq yaradıcılıq mərkəzində həmçinin məktəblilər yazar, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhmədin yaradıcı yazarlıqla bağlı ustad dərsində iştirak ediblər.
Yay məktəbinin iştirakçıları üçün açıq havada müxtəlif idman müsabiqələri, estafet yarışları keçirilib, uşaqların hər biri hədiyyə sahibi olub. Layihənin proqramı filmə baxışla davam edib.
“Füzulidə yay məktəbi”nin bağlanış mərasimində məktəblilərin layihə ilə bağlı təəssüratları öyrənilib, gələcəkdə bu məzmundakı fəaliyyətlər üçün arzu və istəkləri dinlənilib.
Yay məktəbi doğma yurda qayıtmış Füzuli məktəblilərində unudulmaz təəssürat yaratmaqla yanaşı, onların bədii-estetik zövqünün zənginləşməsinə də mühüm töhfə verib, yaradıcılıq həvəslərini artırıb.