Bəhreyn Krallığında fəaliyyət göstərən RAK İncəsənət Fondu ölkənin müxtəlif nəsilləri və incəsənət məktəblərini təmsil edən rəssamların əsərlərindən ibarət seçmə nümunələri Azərbaycan seyrçisinə təqdim edəcək. Bu məqsədlə avqustun 30-da Bakıdakı “QGallery”də sərgi açılacaq.
“QGallery”dən bildirilib ki, ekspozisiyada RAK İncəsənət Fondunun təsisçisi, rəssam və kolleksiyaçı Raşid əl-Xəlifə tərəfindən illər ərzində müxtəlif sənət sərgilərindən əldə edilmiş əsərlər nümayiş etdiriləcək. Belə bir əməkdaşlığın məqsədi bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.
Rəşid əl-Xəlifə bununla bağlı deyib: “Bəhreynli rəssamların tükənməz istedadını “QGallery” və Azərbaycandakı sənətsevərlərlə bölüşmək fürsətinə malik olduğumdan xeyli məmnunam. Belə bir səmərəli əməkdaşlıq şübhəsiz ki, Azərbaycan və Bəhreyn arasında ümumbəşəri sənət dili vasitəsilə qarşılıqlı anlaşma və dəyərləndirməyə vəsilə olmaqla, uğurlu mədəni mübadilələr silsiləsinin başlanğıcıdır. RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlıq və anlaşmanı təşviq edir. O, incəsənət vasitəsilə innovasiya, davamlılıq və müsbət dəyişikliyi müdafiə edərək tənqidi müzakirələrə və sosial dialoqa töhfə vermək qətiyyətindədir”.
“QGallery”nin təsisçisi Emin Məmmədov isə bu əməkdaşlığı belə qiymətləndirib: “Rəssam Rəşid əl-Xəlifə və RAK İncəsənət Fondu ilə əməkdaşlığımız incəsənətin beynəlxalq dostluq və mədəni anlaşmanın daha geniş təşəkkül tapmasına bariz bir sübutdur. İnanıram ki, bu, ölkələrimiz arasında gələcək mübadilə və tərəfdaşlıq imkanlarının daha geniş vüsət alacağı ilə nəticələnəcəkdir”.