126 mindən çox mina və partlamamış sursat aşkarlanıb

 

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 126 min 663 mina və partlamamış hərbi sursat aşkarlanıb.

Bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu statistika 2024-cü il iyulun 31-nə qədər olan dövrü əhatə edir. Bu müddətdə azad edilmiş ərazilər 32 min 940-ı piyada əleyhinə, 19 min 956-sı tank əleyhinə minadan təmizlənib. Bundan əlavə, 73 min 767-si partlamamış hərbi sursat aşkarlanıb.

Qeyd olunub ki, Azərbaycan minalar və partlamamış hərbi sursatlarla çirklənməyə görə dünyada ilk beşlikdə yer alır. Ölkə ərazisinin 12 faizindən çoxu mina və partlamamış hərbi sursatlarla çirklənib. Ümumilikdə azad edilmiş ərazilərin təxminən beşdəbiri mina və partlamamış sursatlarla yüksək səviyyədə çirklənib.