Azərbaycan rəsmi olaraq BRICS təşkilatına üzvlük üçün müraciət ünvanlayıb.
Bu barədə Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Xatırladaq ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.
BRICS onu təsis edən beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə (Brazil, Russia, India, China, South Africa) uyğun olaraq belə adlandırılıb.
Bu formatın əsası 2006-cı ildə Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə qoyulub. 2011-ci ildə Cənubi Afrika Respublikası onlara qoşulub. BRICS hər il sammitləri keçirilən beynəlxalq təsisata çevrilib.
Hazırda təşkilatın 11 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Argentina.