Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxı rayonlarında bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.
Qobustan rayonundakı (Bakı-Şamaxı magistral yolundan 1,5 kilometr aralı) Diri Baba türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Diri Baba türbəsi əsrlər boyu müqəddəs yer kimi tanınıb. Türbə Azərbaycanın Orta əsrlər memarlıq tarixinin öyrənilməsi, həmçinin Şamaxı-Şirvan bölgəsinin sufi ənənəsinin turistlər tərəfindən kəşf edilməsi baxımdan əhəmiyyət kəsb edir. Tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib, abidənin ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Dövlət Turizm Agentliyinin balansına verilib.
Leyla Əliyeva Şamaxı rayonundakı Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsində, Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltaraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Leyla Əliyeva Şamaxı rayonunda bir sıra kəndlərin sakinləri ilə də görüşüb.