Ölkəmizin Malayziyadakı səfirliyi Malayziya İrs Təşkilatında (Badan Warisan Malaysia) “Azərbaycanın mədəni irsi” mövzusunda tədbir təşkil edib.
Səfirlikdən bildiriblər ki, tədbirin əsas məqsədi Malayziya ictimaiyyətini Azərbaycanın mədəni irsi ilə tanış etmək, həmçinin hazırkı Ermənistan ərazisində və Azərbaycanın otuz ilə yaxın erməni işğalı altında qalmış torpaqlarında xalqımıza məxsus mədəni irsin məqsədyönlü və sistemli şəkildə məhv edilməsi barədə məlumatlılığı artırmaqdır. Tədbirdə elm adamları, QHT və media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir İrfan Davudov Azərbaycanın tarixindən, zəngin mədəni irsindən, etnik və dini tolerantlıq xüsusiyyətlərindən, mədəniyyətlərin kəsişməsindəki rolundan, mədəni irsin qorunmasına dövlətin diqqət və qayğısından bəhs edib. Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, eləcə də 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın mədəni irsinə vurulmuş zərər və etnik təmizləmə siyasətindən söz açılıb.
Mövzu ilə bağlı Azərbaycanın Mədəniyyət Nazirliyinin hazırladığı videoçarx, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa haqqında videoçarx nümayiş etdirilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq, o cümlədən mədəni irsin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Tədbir çərçivəsində ölkəmizin mədəni, tarixi və dini abidələrinin şəkillərindən ibarət sərgi də təşkil olunub.