Avqustun 20-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin (1912–1984) anadan olmasının 112-ci ildönümü münasibətilə sənətkarın mənzil-muzeyində tədbir təşkil edilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı olan mənzil-muzeyin əməkdaşları iştirak ediblər.
Qonaqlar əvvəlcə muzeyin foyesində hazırlanmış “Niyazi – 112” sərgisi ilə tanış olublar.
Ümummilli lider Heydər Əliyevin maestro Niyazi haqqında fikirlərinin yer aldığı videoyazı nümayiş olunub.
Mənzil-muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliğindəki müstəsna rolundan danışıb. Bildirib ki, muzey eksponatlarla zəngindir: “Niyazinin həyat və yaradıcılığına nəzər salmaq üçün muzeyin kifayət qədər zəngin bazası var. Onun həyatının müxtəlif illərini özündə əks etdirən fotolar, əşyaları, əsərlərinin əl yazısı muzeydə qorunub saxlanılır”.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru Xalq artisti Gülnaz İsmayılova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov (“Vətən nəğməsi”) və başqalarının ifalarında konsert proqramı təqdim olunub. Niyazinin “Arzu” romansı, “Vətən nəğməsi”, eləcə də digər bəstəkarların əsərləri səslənib.
Maestronun qohumu Sahib Qədimov Niyazinin irsinin daha geniş təbliği üçün məktəbli və tələbələrin bu muzeyə ekskursiyalarının təşkil edilməsinin vacibliyini vurğulayıb.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova deyib ki, Niyazi Azərbaycan mədəniyyətinin böyük nümayəndələrindəndir. O, ömrünün sonuna qədər Azərbaycanın musiqi mədəniyyətinə ləyaqətlə xidmət edib.
Qeyd edək ki, unudulmaz sənətkarın doğum günündə (20 avqust) mənzil-muzeydə “açıq qapı” elan olunub.
***
Avqustun 20-də dünyaşöhrətli dirijor və bəstəkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub. Mərasimdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun filialı olan Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, mədəniyyət xadimləri iştirak ediblər.
Maestronun məzarı önünə gül dəstələri düzülüb, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətləri vurğulanıb.