Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə muxtar respublikanın dövlət orqanlarında çalışan mətbuat işçiləri üçün “İctimaiyyətlə əlaqələrdə effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.

NMR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, təlimin məqsədi məlumat hazırlanması və istifadəsi proseslərində savadlılıq anlayışının dövrün tələblərinə uyğunlaşdırılması, media savadlılığı göstəricilərinin yüksəldilməsi, sağlam media mühitinin inkişafı və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsidir.

Naxçıvan Təlim Mərkəzi idarə heyətinin sədri Tağı Tağızadə muxtar respublikada sosial-iqtisadi inkişafa dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə sözügedən qurumun yaradılmasının əhəmiyyətindən danışıb.

Təlimin ilk hissəsində Medianın İnkişafı Agentliyi Naxçıvan regional idarəsinin rəhbəri Vəfa İsgəndərova böhran vəziyyətində kommunikasiyanın qurulması və kommunikasiya alətlərindən düzgün istifadə və dövlət qurumları arasında koordinasiyanın vacibliyindən danışıb.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini İlhamə Novruzova “Mətbuat konfransının, press-relizin, təqdimatın hazırlanması” mövzusunda təqdimat edib.

Yekunda iştirakçılara sertifikatlar verilib.