Xəbər verdiyimiz kimi, Həştərxanda Rusiyanın “Mədəniyyət” milli layihəsi çərçivəsində ənənəvi “Xəzər mövsümü” Beynəlxalq Klassik İncəsənət Festivalı keçirilir.
Xəzəryanı ölkələr Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın mədəniyyətini təbliğ edən festivalın açılış konserti avqustun 17-də Həştərxan Kremlinin meydanında olub.
Mərasimdə çıxış edən Həştərxan Vilayətinin mədəniyyət naziri Olqa Prokofyeva diqqətə çatdırıb ki, bu il “Xəzər mövsümü”nün coğrafiyası genişlənib, festivala Özbəkistan və Belarusdan da artistlər qatılıb.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova videoformatla festival iştirakçılarını təbrik edib. “Böyük beynəlxalq layihə ildən-ilə daha parlaq və maraqlı olur və onun dostluq və qarşılıqlı hörmət şəraitində keçən tədbirləri tamaşaçılara əsl yaradıcılıq təntənəsi verir”, – deyə o vurğulayıb.
Xəzəryanı dövlətlərin simfonik orkestrinin (baş dirijor Mixail Qolikov) müşayiəti ilə keçirilən konsertdə Rusiyanın Əməkdar artisti, Başqırdıstan və Tatarıstan respublikalarının Xalq artisti İldar Abdrazakov, Azərbaycanın Xalq artisti Dinarə Əliyeva, Hamburq Dövlət Operasının solisti, Böyük Teatrın dəvətli solisti Dövlət Nurgəldiyev (Türkmənistan), Qazaxıstanın Əməkdar incəsənət xadimi, Astana Dövlət Opera və Balet Teatrının aparıcı səhnə ustası Talqat Musabayev, İrandan viola ifaçısı, beynəlxalq müsabiqələr laureatı Amin Qafari və başqa məşhur ifaçılar çıxış ediblər.
23-28 avqust tarixlərində Həştərxan Filarmoniyasında Xəzərətrafı dövlətlərdən olan artistlərin solo konsertləri nəzərdə tutulub. Bundan əlavə, festivalın proqramına “Vokal akademiyası”, “Orkestr akademiyası” və “Balet akademiyası”nın açıq dərsləri daxildir.
Onu da qeyd edək ki, Azərbaycanın tanınmış opera müğənnisi Dinarə Əliyeva festivalın açılış konsertindən sonra ustad dərsi verib.
“Xəzər mövsümü” festivalı Rusiya Mədəni-kütləvi Proqramlar üzrə Direktorluğu, Həştərxan Vilayəti Hökuməti və vilayət Mədəniyyət Nazirliyinin dəstəyi, Həştərxan Opera və Balet Teatrı və Həştərxan Filarmoniyasının tərəfdaşlığı ilə təşkil olunur.
Bu il dördüncü dəfə təşkil edilən festival sentyabrın 1-də başa çatacaq.