90-ların ulduzu Doktor Alban: “Sıfırdan başlamaq həmişə çətindir”

 

Doktor Alban (Alban Uzoma Nvapa) ötən əsrin 90-cı illərin dünyaca məşhur müğənnisi olub. Nigeriya mənşəli isveçli müğənninin “It’s My Life”, “Sing Hallelujah”, “Look Who’s Talking”, “Born in Africa” və başqa mahnıları İsveçdən çox-çox uzaqlarda geniş yayılmışdı. Müğənni bu gün də musiqi aləmində populyardır, konsertlər verir, müxtəlif festivallara qatılır. O, iyul ayında Bakıda “Sea Breeze Resort”da keçirilən “Dream Fest”in də iştirakçısı olub.

AZƏRTAC-ın əməkdaşı Nərgiz Cəfərli Stokholmda Doktor Albandan müsahibə alıb. O, musiqi karyerasının necə başlamasından, Bakı haqqında təəssüratından danışıb.

 

– Alban, salam. Çox şadam və minnətdaram ki, gəncliyimin kumiri Azərbaycanın informasiya agentliyi AZƏRTAC-a müsahibə verməyə razı olub. Sağ olun.

– Siz də sağ olun.

 

– Onda keçək suallara! İlk sualım: Hello Alban! Tell me how you’re doing? (Salam, Alban! Mənə deyin, necəsiniz? (“Hello Africa” mahnısının sözləri – müəllif)

– Təşəkkür edirəm. Yaxşıyam. (Gülür.)

 

– Karolinska İnstitutunda diş həkimi ixtisası üzrə təhsil almısan. Bəs musiqi karyeran necə başladı və necə məşhur sənətçi oldun?

– Karolinska İnstitutunda oxuyanda pula ehtiyacım var idi, həftə sonları isə DJ işləyirdim. Məhz həmin dövrdə, 1990-cı ildə hər yerdə ildırım kimi guruldamağa başlayan “Hello Africa” mahnısı meydana çıxdı və çıxışlarım belə də davam etdi.

 

– Heç diş həkimi işlədinmi?

– Bəli, bir il.

 

– Bu, necə idi?

– Yaxşı, amma musiqi ilə çalışmaq daha əyləncəlidir.

 

– Həkim işləmək üçün darıxmırsan?

– Xeyr.

 

– Albomların milyonlarla tirajla satılıb. Sən hər yerdə görünürdün: televiziya ekranlarında, qəzet və jurnalların üz qabığında. Sonra geniş şəkildə tanınmağa başladın. Bu, həyatda sənə mane oldumu?

– Xeyr. Baxmayaraq ki, bəzən çətin olurdu. Axı məşhur adam bu və ya digər işi görə bilməz. Amma sən bununla yaşayırsan və sonunda öyrəşirsən.

 

– Musiqi karyeran İsveçdə başlayıb. İsveçli olmayan bir insan üçün İsveç musiqi aləmində bunu etmək çətin deyildimi?

– Biz, ölkəyə yeni gələnlər, bilirik ki, sıfırdan başlamaq həmişə çətindir. Bu məsələdə təcrübəniz olduqda daha asandır. Amma sonda bacardım.

 

– Bir müddət işində sakitlik yaranmışdı. Bunun səbəbi nədir və həmin müddətdə nə işlə məşğul idin?

– Körpə uşaqlarım, iki qızım vardı. İndi biri 19, digəri 16 yaşındadır. Uşaqlar dünyaya gələndə, gərək bir az yavaşlayaq.

 

– Keçək Bakı səfərinə. İyul ayında Emin Ağalarov tərəfindən Bakıda keçiriləcək “Dream Fest”ə dəvət olundun. Festivaldan və Azərbaycan ictimaiyyətindən hansı təəssüratlarla ayrıldın?

– Bakı çox gözəl şəhərdir. Strukturlaşdırılmış və sakitdir. Tamaşaçılar isə fantastikdir. Mən bu şəhəri və onun insanlarını sevdim. Bakıda bəyənmədiyim heç nə yoxdur.

 

– Şəhəri gəzməyə, yerli mətbəxin təamlarını dadmağa vaxtın oldumu?

– Biz daha çox maşınla gedirdik. Yeməklərin Asiya və ərəb mətbəxi ilə ortaq cəhətləri var. Çoxlu qızardılmış ət yedim. Ləzzətli idi.

 

– Adının ulduzu “Sea Breeze”də “Walk of Fame” xiyabanında qoyulub. Bununla bağlı təəssüratını bölüşərdin.

– Oraya gedib bu ulduzu qəbul etmək çox xoş idi. Mükafatın özü evdədir, ofisimdə ona tez-tez baxıram. Ulduzun üzərində “Alban” yazısını görmək çox xoşdur.

 

– Yerli ulduzlar da xarici sənətçilərlə birgə səhnədə çıxış etdilər. Onların çıxışı ilə maraqlandınmı və ya gələcəkdə kiminlə əməkdaşlıq etmək istərdin?

– Fakt budur ki, bir dəfə pərdə arxasına keçəndən sonra, demək olar ki, dərhal səhnəyə çıxdım. Mənim çıxışımdan sonra yağış yağmağa başladı. Beləliklə, konsert mənim ifamla başa çatdı. Çox təəssüf ki, məndən əvvəl çıxış edənləri görmədim.

 

– Sonuncu sualım. Bakıya qayıdıb solo konsert vermək istərdin?

– Bəli. Mütləq! Mən Bakını, Azərbaycanı sevirəm. Oraya təkrar getməliyəm. Bu, asandır. Problem yoxdur.