Aprelin 23-də Qazaxıstanın Almatı şəhərində «KİTF-2014» beynəlxalq turizm sərgisi işə başlayıb. Qazaxıstanın Sənaye və Müasir Texnologiyalar Nazirliyinin Turizm Komitəsinin, Almatı şəhər hakimiyyəti və Böyük Britaniyanın «ITE Group Plc» şirkətinin təşkilatçılığı, Dünya Turizm Təşkilatının dəstəyi ilə baş tutan sərgidə Azərbaycan da təmsil olunur. Heyətə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova, həmçinin «Millennium Tourism and Congress», «Gilan tourism», «The tour», «Billur tour», «Xəzər travel» şirkətləri və «Jumeirah Bilgah Beach», «Fairmont Baku», «Chinar Hotel and Spa Naftalan», «Duzdağ” hotellərinin nümayəndələri daxildir.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 42 kv.m sahədə xüsusi lövhə quraşdırılıb. Stendimizə baş çəkən qonaqlara Azərbaycanın turizm imkanları haqqında məlumat verilir, ziyarətçilərə və sərgi iştirakçılarına ingilis və rus dillərində hazırlanmış müxtəlif növ reklam-çap məhsulları təqdim edilir.
Bu il 14-cü dəfə gerçəkləşən «KİTF» sərgisinə 41 ölkədən 260-a yaxın şirkət qatılıb. Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri ikinci dəfədir ki, «KİTF” sərgisində iştirak edir.
Sərginin ilk günündən stendimiz ziyarətçilərin böyük marağına səbəb olub. Azərbaycanın stendində nazirliyin və şirkətlərimizin nümayəndələri görüşlər keçirir, müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparırlar.
«KİTF-2014» beynəlxalq turizm sərgisi aprelin 25-də başa çatacaq.
Fəxriyyə