XX əsr Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti ilə seçilən yazarlar sırasında görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin də adı hörmətlə çəkilir. Mövzu rəngarəngliyi, yüksək poetik dil və səmimi vətəndaş mövqeyi şairi xarakterizə edən əsas keyfiyyətlər olub. Bu il şairin anadan olmasının 110 illiyidir.

Zeynal Rza oğlu Xəlilov (Zeynal Xəlil) 23 mart 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində anadan olub. Yeddi yaşı olanda atası vəfat edir. Zeynal yeddiillik məktəbi bitirdikdə sonra peşə məktəbində oxuyur. Gənc yaşlarından əmək fəaliyyətinə başlayır.

Zeynal hələ məktəb illərindən poeziyaya maraq göstərir. “Yeni kənd” adlı ilk şeirini qələmə alır. O, işləyə-işləyə mütaliədən də qalmır, ədəbi yaddaşını zənginləşdirir, ədəbiyyat aləminin dərinliklərinə enməyə çalışır.

Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsinə qəbul olunur. Artıq həyat onun çətin yollarına işıq tutur. Şeirə, sənətə olan həvəsi coşub-daşır. Şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər dövri mətbuat orqanlarında dərc olunur. 1934-cü ildə “Azərnəşr” tərəfindən “İstək” adlı ilk şeirlər kitabı işıq üzü görür və maraqla qarşılanır. İlk kitabı onu yeni-yeni əsərlər yazmağa həvəsləndirir. “Tarac”, “Poemalar”, “Qılınc” kimi əsərləri oxucuların ixtiyarına verilir. Şairin bir-birinin ardınca işıq üzü görən  “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi digər kitabları ədəbi tənqidçilər tərəfindən Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemaları müəllifinə daha böyük şöhrət gətirir.

Zeynal Xəlil həmçinin dramaturgiyada da qələmini sınayır. “İntiqam” adlı ilk pyesi bir sıra teatrlarda tamaşaya qoyulur və müvəffəqiyyət qazanır. O daha sonra “Qatır Məmməd” pyesini yazır. Bu əsərin də uğurlu səhnə həyatı olur, uzun müddət teatrların repertuarında yer alır. 1974-cü ildə əsər əsasında eyniadlı bədii film (rejissor Rasim Ocaqov) çəkilir.

Zeynal Xəlil İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığına biganə qalmır, onları tərənnüm edən “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” və s. əsərlərini yazır. Əksəriyyəti azərbaycanlılardan ibarət məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yolu, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünəri şairin yüksək poetik dili ilə tərənnüm olunur:

Ana torpaq eşitdi, bayram etdi bu günü...
Dəniz kimi qabardır
Cavanşir öz köksünü –
Uzaqlara tutaraq əlindəki süngünü,
Dedi: – Dörd yüz on altı!

Qızlar məktub göndərdi,
nəğmə qoşdu bəstəkar,
Zülfü “Segah” oxudu, Qurban kişi çaldı tar.
Dastanlara sığmadı sizdəki mərdlik, vüqar,
Dedi: – Dörd yüz on altı!

Zeynal Xəlil həm də nəğməkar şairlərimizdəndir. Ötən yüzilliyin 50-ci illərində müəllifin onlarla əsərinə mahnılar bəstələnib. Q.Hüseynli şairin sözlərinə “Ay işığında” mahnısını yazır. Bu nəğmə neçə-neçə görkəmli xanəndənin repertuarında yaşayır. A.Babayevin şairin sözlərinə bəstələdiyi “Kimlər gəldi, kimlər getdi” mahnısı Xalq artisti Mirzə Babayevin ifasında könülləri oxşayıb, insanları həyat haqqında düşüncələrə qərq edib. E.Sabitoğlunun şairin sözlərinə yazdığı “Bu gecə” mahnısı da dinləyicilər tərəfindən maraqla qarşılanır. 

Azərbaycanın əsrarəngiz təbiəti şairin əsas ilham qaynaqlarından olub. Gəncəçay, Hacıkənd, Gəncənin xan çinarları, dağlar yaraşığı Göygöl və s. şairin təbini coşdurub. Şair “Mirzə Şəfi Vazehi oxuyarkən” şeirlər silsiləsinə daxil olan əsərlərində Mirzə Şəfinin dili ilə deyir:

At sürüb Göygölə çox çıxmışam mən,
Dağlarda çiynimə qonubdur bulud.
Meşələr xəyala dalanda hərdən
Məni öz qoynuna alıbdır sükut.

Tiflisdə edəndə Kürə tamaşa,
Duydum Gəncəçayın qıjıltısını,
Az qaldı başımda xəyalım çaşa,
Andım göy otların xışıltısını.

...Vətənsiz gülmədi gözümdə aləm,
Andım xan Kəpəzi, andım Qoşqarı...
Gəncə hər sözümə bir qanad oldu,
Könlüm Gəncə ilə daim şad oldu...

Araşdırmalarda qeyd edilir ki, 1956-cı ildə Zeynal Xəlilin “Göygöl düşüncələri” adlı əsəri işıq üzü görür. Xalq yazıçısı İlyas Əfəndiyev əsərlə bağlı fikirlərini oxucularla bölüşərək yazır: “Şairin bir qələm yoldaşı, bir oxucu kimi mənə xoş gələn cəhəti, hər şeydən əvvəl, bu şeirlərdəki hisslərin, düşüncələrin təravəti, saflığı və gözəlliyidir. Onları oxuyarkən Göygölün hüsnünü, onun sahillərində titrəşən çiçəklərin rayihəsini duyursan. Elə bil ki, sən də şairlə bərabər o yerləri gəzir, təbiətin ecazkar gözəlliyinə nüfuz edirsən. Kölgədə bitən, rəngi solğun “çiyələyi” görüb fikrə gedirsən. Şehli otlar üzərində qalan “maral izi” sənə həyatın bir mənasını xatırladır. Uzun qərinələrdən bəri yalqız qalan, üzərinə quş da qonmayan “boz qaya” xeyirsiz, xudpəsənd adamları sənin yadına salır...”.

Şairin ədəbiyyatımızın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

XX əsr Azərbaycan ədəbiyyatında süjetli lirikanın gözəl nümunələrini yaradan Zeynal Xəlil 11 avqust 1973-cü ildə, 59 yaşında vəfat edib.

Savalan Fərəcov