Aprelin 24-də “Abşeron Marriott Baku» hotelində Çexiyanın tanınmış turoperatorlarından olan «Terma Travel» şirkətinin təqdimatına həsr olunmuş seminar keçirilib.
Azərbaycanın turizm şirkətləri ilə sıx əlaqələri olan «Terma Travel» Bakıda artıq bir neçə dəfə təqdimat keçirib. Seminarda şirkətin yay turizm mövsümü ilə əlaqədar təklif etdiyi turpaketlər müzakirə olunub.
Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka və bu ölkənin iqtisadiyyat nazirinin müavini İrji Xavliçek iştirak edib.
Səfir çıxışında qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr ildən-ilə inkişaf edir. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkələrin iqtisadiyyatına mühüm təsiri olacaq. Çünki həm Azərbaycanın, həm də Çexiyanın turizm imkanları böyükdür.
«Terma Travel»in Rusiya nümayəndəliyinin direktoru Lüdmila Karpeçenkonun sözlərinə görə, tədbiri Azərbaycandakı tərəfdaşları olan «İmprotex Travel» şirkəti ilə birgə təşkil ediblər: «Məqsədimiz azərbaycanlı turistlərin diqqətini Çexiyadakı istirahət mərkəzlərinə daha çox cəlb etməkdir». O qeyd edib ki, 2013-cü ilin nəticələrinə əsasən «Terma Travel» Azərbaycandan Çexiyaya ən çox turist cəlb edən şirkətdir.
«Terma Travel» şirkətinin əməkdaşı Elmira Korneeva şirkətin fəaliyyəti, göstərilən xidmət, Çexiyanın müxtəlif regionlarında yerləşən istirahət məkanları, ekskursiya proqramları, o cümlədən Avstriya, Almaniya və İsveçrəyə təşkil edilən kombinəedilmiş turlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Çexiyanın məşhur sanatoriyaları Karlovı Varı, Marianski Lazne haqqında məlumatlar isə videoroliklər vasitəsilə həmin sanatoriyaların həkimləri tərəfindən təqdim edilib. Tədbirdə «Terma Travel» şirkətinin onlayn bronlaşdırma sistemi (terma-travel.com) haqqında da məlumat verilib.
Sonda 2013-cü ildə ən yaxşı əməkdaşlığa görə Azərbaycanın «ZD Travel», «Spektr Travel», «Luxury Travel», «SW Travel», «Sindbad Travel» və «Improtex Travel» şirkətləri mükafatlandırılıb.
Fəxriyyə Abdullayeva