19-22 avqust tarixlərində Braziliyada G20 Dinlərarası Forumu (IF20) keçirilib. Forumda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da iştirak edib.
Dövlət Komitəsindən bildirilib ki, R.Məmmədov çıxışı zamanı Azərbaycanın dinlərarası və mədəniyyətlərarası harmoniyaya əsaslanan multikulturalizm modeli, eləcə də bu nümunəvi mühitin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Deyib ki, tolerantlıq ənənəsi Azərbaycan kimliyinin ayrılmaz elementinə çevrilib. Bakıda məscidlər, kilsələr və sinaqoqların yan-yana mövcud olması müxtəlif dini icmaların harmoniya şəklində birgəyaşayışının sübutudur.
R.Məmmədov ölkəmizin otuz ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərindəki 67 məsciddən 65-inin vandalizmə məruz qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, Qarabağda və azərbaycanlıların yüzilliklər ərzində yaşadıqları indiki Ermənistan ərazilərində dini irsimiz məhv edilib. Bütün bunlara baxmayaraq, xalqımız gələcəyə köklənib və regionun tarixində sülh və əməkdaşlığa əsaslanan yeni səhifə açmağa çalışır. Azərbaycan dini və etnik tolerantlığı milli kimliyinin təməl sütunu kimi qorumağa davam edərək işğaldan azad olunmuş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı mühüm layihələr həyata keçirir.