Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “COP29 nədir?” adlı “məlumat saatı” təşkil olunub.
Kitabxananın əməkdaşları oxuculara bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında məlumat veriblər. İştirakçılara COP29-la bağlı məlumat vərəqələri təqdim edilib.
Bildirilib ki, bu tədbirin Bakıda keçirilməsi ölkəmizin qlobal ətraf mühit məsələlərinə verdiyi əhəmiyyətin göstəricisi olmaqla yanaşı, beynəlxalq birliyin Azərbaycana yüksək etimadının bariz sübutudur.
Qeyd olunub ki, COP haqqında daha ətraflı məlumat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında öz əksini tapıb. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.