Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri - XIX əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabının II hissəsinin II cildi çapdan çıxıb.
Bu barədə institutdan məlumat verilib. Kitabın ideya müəllifi və elmi redaktoru Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminov, tərcüməçisi Ələddin Məlikov, redaktoru Şahin Yəhyayevdir.
Məşhur Azərbaycan səyyahı və coğrafiyaşünası H.Z.Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydləri əsasında yazdığı “Səyahət bağları” əsərinin II hissəsinə aid olan II kitabda Türkiyə, Aralıq dənizi sahilləri, Ərəbistan, Oman və Yəmənə aid məlumatlar toplanıb.
Kitabda həmin ərazilərin tarixi, coğrafiyası, əhalisi, adət-ənənələri, tarixi-mədəni abidələri, tarixi şəxsiyyətləri, səyyahın onlarla apardığı söhbətlər haqqında zəngin məlumat verilir. Xüsusən XIX əsrin əvvəlinə aid olan məlumatlar coğrafiyaşünaslar, tarixçilər, bu dövrdə baş verən hadisə və proseslərlə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı ola bilər.