TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” proqramı 2012-ci ildən həyata keçirilir. 2024-cü ildə bu missiyanı Türkmənistanın Anev şəhəri daşıyır. Xatırladaq ki, Anev “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Azərbaycanın Şuşa şəhərindən alıb.
Qarşıdan gələn ildə isə Qazaxıstanın Aktau şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” adını daşıyacaq. Bu barədə ötən il Şuşada TÜRKSOY Daimi Şurasının 40-cı toplantısında müvafiq qərar qəbul edilib.
Xəzərin o tayındakı Aktau şəhəri artıq indidən hazırlıqlara başlayıb. Yerli mediada şəhər hökumətinə istinadən xəbərlərdə bildirilir ki, “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində klassik və xalq musiqisi konsertlərinin, foto və rəsm sərgilərinin, teatr, musiqi və rəqs kollektivlərinin iştirakı ilə festivalların təşkili planlaşdırılır. Həmçinin folklor festivalı, müsabiqələr, rəssam və heykəltaraşların simpoziumları, beynəlxalq elmi-praktik konfranslar nəzərdə tutulur.
Qeyd olunur ki, tədbirlər qonaqları qazax xalqının mədəniyyəti ilə yaxından tanış etmək, eləcə də bölgənin turizm imkanlarının təbliği üçün mühüm fürsət olacaq. Bildirilir ki, 2023-cü ildə Mangistau vilayətini 390 min, o cümlədən Aktau şəhərini 346 min turist ziyarət edib ki, bu rəqəm 2022-ci il ilin müvafiq göstəricilərinə nisbətən 25 faiz çoxdur.
Gülcahan