Tarix və talenin müəyyən etdiyi missiya

 

“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən” – Mehriban Əliyevanın 20 il əvvəl, Azərbaycanın birinci xanımı kimi dediyi bu sözlər ötən müddətdə onun çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edib.

Birinci xanım olmaq, əslində, tarix və talenin müəyyən etdiyi missiya idi və Mehriban Əliyeva bu yolun lap əvvəlindən özü, sözü, əməli ilə onu layiqincə yerinə yetirib. Onun Prezident İlham Əliyev ilə birlikdə müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin tarixi əmanəti olan müstəqil respublikamızın tərəqqisi naminə gördüyü bütün işlərdə, həyata keçirdiyi bütün layihələrdə yeni tariximizin, o cümlədən mədəniyyət salnaməmizin səhifələri yazılıb.

“2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq – doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq” – on il sonra o, müsahibələrinin birində bildirmişdi.

O vaxt Azərbaycanın ən böyük problemi hamımıza bəlli idi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin Vətən müharibəsində qazandığı Zəfər nəticəsində ölkəmiz tarixinin ən böyük sınağından üzüağ çıxdı.

Bu gün azad olunmuş ərazilərdə dövlətimizin başçısının və birinci xanımın yüksək diqqət və qayğısı ilə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanmağa başlayıb. Azad yurd yerlərinə Azərbaycanın mədəniyyəti də qayıdır. Mədəniyyətimizin gerçək himayədarı kimi Mehriban xanımın təşəbbüs və səyləri ilə həmin ərazilərdə tarixi irsin, abidələrin təmir-bərpası, yenidən qurulması istiqamətində sistemli iş aparılır.

Ulu öndərin dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində müstəsna xidmətlər göstərir. Bu sahədə reallaşdırılan yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə reallaşan beynəlxalq muğam və klassik musiqi festivalları yüksək sənətə xidmət məramı ilə yanaşı, mədəniyyətlərarası dialoqa da böyük töhfədir.

Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahılarına daxil edilərək bəşəri status qazanmasında Mehriban xanımın müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, xüsusilə də 44 günlük Vətən müharibəsində və daha sonra şəhid və qazilərlə, onların ailələri ilə bağlı həyata keçirdiyi layihələr isə onun humanitar missiyasının bariz nümunəsidir.

“Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Mən dəfələrlə bunu söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir. Ona görə də həm ölkəmizdə, həm də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik” – Mehriban Əliyevanın bu fikri ümumilikdə mədəniyyət sahəsində fəaliyyət üçün istinad, yol xəritəsidir.

Avqustun 26-sı Mehriban Əliyevanın doğum günü və əlamətdar yubileyidir. Bu münasibətlə onu təbrik edir, ən xoş diləklərimizi bildirir, Azərbaycan adına və Azərbaycan naminə bundan sonrakı fəaliyyətində də tarixin və talenin müəyyən etdiyi missiyanı uğurla davam etdirməsini arzulayırıq.

“Mədəniyyət”