80-dək ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir

 

26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu barədə festivalın saytında məlumat verilib. Bildirilir ki, Mərkəzi Asiyanın ən böyük incəsənət layihələrindən olan festival UNESCO VƏ ICESCO-nun himayəsi ilə gerçəkləşir.

Festivalın əsas məqsədi milli musiqi sənətindəki nailiyyətləri geniş ictimaiyyətə çatdırmaq, xalqların mədəniyyətini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, musiqi və xanəndəlik sahəsində istedadlı gənclərə dəstək olmaq, o cümlədən beynəlxalq yaradıcı əlaqələr qurmaq, sülh, dostluq və qarşılıqlı tolerantlıq ideyalarını təbliğ etməkdir.

1997-ci ildə əsası qoyulan festivalında 31 ölkədən musiqi kollektivləri və ifaçılar iştirak edib. 2019-cu ildə keçirilən XII festivalında isə iştirakçı ölkələrin sayı 75-ə çatıb.

80-ə yaxın ölkədən 300-dən çox nümayəndənin qatılacağı builki festivalda ölkəmizi tanınmış xanəndə, respublika və beynəlxalq müsabiqələr laureatı Mirələm Mirələmov təmsil edəcək. Onu Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadə (balaban) müşayiət edəcək.

Avqustun 26-da Səmərqənddə festivalın təntənəli açılış mərasimi keçiriləcək. Festival çərçivəsində avqustun 27–28-də “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcılıq harmoniya prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq.

27-28-29 avqust tarixlərində festival iştirakçılarının ifaları beynəlxalq münsiflər heyəti tərəfindən dinləniləcək. Qiymətləndirmə zamanı mahnıların mənsubiyyəti, ifa olunan şeirlərin ahəng və məzmunu, iştirakçının ifa səviyyəsi, geyim mədəniyyəti və səhnə davranışı kimi meyarlar nəzər alınacaq.

Müsabiqənin baş mükafatı (Qran-pri) 10 000 dollar təşkil edir. 1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq 10 000, 7000 və 6000 dollar pul mükafatı nəzərdə tutulur. Bundan əlavə, “Ən gənc iştirakçı”, “Tamaşaçıların seçdiyi ən yaxşı iştirakçı”, “Ən yaxşı instrumental ifaçı” nominasiyalarında qalib olan iştirakçılar isə  diplom və 500 dollar məbləğində pul mükafatı veriləcək.

Qeyd edək ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizi təmsil edən xanəndə Simarə İmanova ilk festivalda və tarzən Sahib Paşazadə isə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın qalibi olub.