Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, məşhur “Yalla” qrupunun bədii rəhbəri Fərrux Zakirovun “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülməsi barədə məlumat vermişdik.
Bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu “Özbəkistan Respublikasının Xalq artisti” fəxri adı ilə təltif edilib.
Avqustun 22-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli Fərrux Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamını oxuyub.
Özbəkistan Prezidenti Administrasiyası Sosial inkişaf şöbəsinin müdiri Odil Abdurahmanov isə Polad Bülbüloğlunun təltif olunması haqqında Prezident Şavkat Mirziyoyevin fərmanını diqqətə çatdırıb.
Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub.
Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər. Hər iki ölkənin incəsənət ustaları da çıxış edərək xalqlarımız arasında mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
***
Qeyd edək ki, avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala-konsertində hər iki sənətkar da səhnəyə çıxıb.
Fərrux Zakirov və Polad Bülbüloğlu repertuarlarından mahnılar ifa ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertə baxıblar.