“Azərpoçt” tərəfindən Azərbaycanın ilk peşəkar qadın rəssamlarından biri Vəcihə Səmədovanın 100 illiyinə həsr olunmuş poçt markası hazırlanıb. Ümumdünya Poçt İttifaqı (Universal Postal Union – UPU) bununla bağlı paylaşım edib. Paylaşım ittifaqın “She Stamps” layihəsi çərçivəsində həyata keçirilib.
“Azərpoçt”dan bildirilib ki, blokun üzərində rəssamın portreti və rəsm əsərləri təsvir olunub.
Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Səmədova 1924-cü ildə anadan olub. O, ölkəmizin təsviri sənət tarixində öz layiqli dəst-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.
Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin müxtəlif muzey və qalereyalarda layiqli yer tutmasına səbəb olub.
Vəcihə Səmədova 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu onun adını daşıyır.