Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Milli mətbuat tarixi kafedrasının professoru, Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri tarix elmləri doktoru Nəsiman Yaqublu 25 avqust 2024-cü il tarixində, ömrünün 63-cü ilində avtomobil qəzasında vəfat edib.

1 sentyabr növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olan alim Zəngilanda seçicilərlə görüşdən qayıdarkən qəzaya düşüb.

Nəsiman Qara oğlu Yaqublu 22 fevral 1962-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. 1980–1983-cü illərdə BDU-nun Jurnalistika fakültəsində, 1983–1986-cı illərdə Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1986-cı ildən “Yazıçı” nəşriyyatında redaktor kimi fəaliyyət göstərib, sonradan “Azərbaycan ordusu” qəzetinin baş redaktoru olub.

N.Yaqublu müstəqilliyimizin ilk illərindən milli mətbuat tariximizi, Xalq Cümhuriyyəti irsini və Rəsulzadənin həyat və yaradıcılığını tədqiq edib. 2001-ci ildə “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2013-cü ildə “Azərbaycan milli istiqlal mübarizəsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2008-ci ildən BDU-da Milli mətbuat tarixi kafedrasında fəaliyyət göstərib.

Alimin “Ağrılı ömürlər”, “Xocalı qırğını”, “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası”, “Azərbaycan legionerləri”, “Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu”, “Bakının qurtuluşu”, “Qafqaz İslam ordusu və Nuru paşanın Azərbaycanda izləri”, “Azərbaycan mühacirət mətbuatı” (dərs vəsaiti), “Məhəmməd Əmin Rəsulzadə. İran yazıları (mühacirət dövrü)” və s. kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

N.Yaqublu bu ilin mart ayında “Mədəniyyət” qəzetinə müsahibəsində demişdi: “Hazırda Rəsulzadənin 10 cildlik külliyyatının nəşri işini davam etdirirəm. Toplunun I cildi 2016-cı ildə, II cildi isə 2021-ci ildə çap olunub. Üçüncü cild üzərində iş gedir. Düşünürəm ki, Rəsulzadənin Fransa, Polşa və Almaniyada dərc edilmiş yazılarının hərəsi bir cild olacaq. Eyni zamanda məndə Rəsulzadənin 100-dən çox məktubu var. Bunları da bir cild altında nəşr etməyi planlaşdırıram. Rəsulzadənin həm rus, həm də fars dilindən çox gözəl tərcümələri var. Onları da ayrıca cilddə çap etdirəcəyəm”. Təəssüf ki, amansız ölüm alimin araşdırmalarını tamamlamağa imkan vermədi, elmimizə daha böyük töhfələrinin önünü kəsdi.

Allah rəhmət eləsin.