MEMİM yeni layihəyə başlayır

 

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” adlı layihəyə başlayır.

Mərkəzdən bildirilib ki, layihənin məqsədi uşaqların dünyagörüşünü, düşüncə tərzini zənginləşdirmək, onlarda ədəbiyyata və teatra sevgi aşılamaqdır.

Kukla teatrının səhnələşdirdiyi tamaşalardan videokadrların yer aldığı, obrazlı səsləndirmə və gözoxşayan tərtibatda hazırlanan layihənin ilk buraxılışı Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub. Sadə məzmundan, maraqlı süjet xəttindən ibarət əsərdə hadisələr axıcı dillə təsvir edilir.

Maarifləndiricilik baxımından da əhəmiyyətə malik layihə çərçivəsində bir sıra qədim və müasir nağılların videotəqdimatlarının hazırlanması nəzərdə tutulur.

İstedadlı müğənni “Qonağımız var” layihəsində

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında “Qonağımız var” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Layihənin budəfəki qonağı tanınmış müğənni, aktyor, respublika və beynəlxalq müsabiqələr laureatı Amil Həsənoğlu (Məmmədov) olub.

Şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, ictimaiyyət nümayəndələri, sakinlərin izlədiyi konsert proqramında əvvəlcə ifaçının həyat və yaradıcılığı haqqında məlumat verilib.

Sonra Amil Həsənoğlu bir-birindən maraqlı musiqi nömrələri ilə tamaşaçıların könlünü oxşayıb.