Moskva və Bütün Rusiya Patriarxı Kirillin xüsusi tapşırığı əsasında Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsinin nümayəndə heyəti avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub.
Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniyin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, VI çağırış Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan-Rusiya əlaqələrinin çox möhkəm olduğunu və tarixi köklərə əsaslandığını bildirib. Vurğulayıb ki, ölkələrimizi həm də siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq əlaqələri bağlayır.
Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdən danışan şeyxülislam Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda ölkəmizə səfərinin əlaqələrimizin yeni və yüksək mərhələyə keçməsində rolunu qeyd edib. “Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Biz bir ailəyik. Bu ailənin hər bir üzvü özünü doğma evində hiss edir. Çünki Azərbaycan tolerant ölkədir və müxtəlif dinlərdən olan xalqlara, insanlara eyni səviyyədə hörmət göstərilir, onların hüquqları qorunur”, - deyə A.Paşazadə vurğulayıb.
Azərbaycan-Ermənistan münasibətlərinə də toxunan QMİ sədri dini rəhbərlərin də üzərinə məsuliyyət düşdüyünü, onlara münaqişə və müharibələrin alovlandırılmasında deyil, söndürülməsində maraqlı olmalarını tövsiyə edib. Bildirib ki, Ermənistan kilsəsi münasibətləri normallaşdırmaqda deyil, qızışdırmaqda maraqlıdır və bu da təəssüf doğurur.
Sonra çıxış edən Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy QMİ sədrinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib. M.Antoniy şeyxülislamı ad günü münasibətilə təbrik edərək, onun din-dövlət münasibətlərinin yüksək səviyyədə aparılması, tərəqqi və əmin-amanlıq naminə səylərini yüksək qiymətləndirib.
O, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin şeyxülislam Allahşükür Paşazadəyə ad günü münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından “Müqəddəs Aleksiy” ordeni ilə təltif edib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin 75 yaşı tamam olub. O, 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub. 1979-cu ildən Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik edir.