Əlibala Hacızadə ədəbiyyatşünas və tərcüməçi kimi də tanınıb
Maraqlı nəsr əsərləri ilə oxucuların rəğbətini qazanmış yazıçılarımızdan biri də Əlibala Hacızadə olub. Müəllif fərqli yaradıcılıq axtarışları ilə ədəbiyyatımıza yeni mövzular gətirib. Hekayə və romanlarında xalqımıza xas olan milli-mənəvi xüsusiyyətlərə və İslami dəyərlərə geniş yer ayırıb.
Əlibala Qüdrət oğlu Hacızadə 28 avqust 1935-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya göz açıb. Rayonun Xırmandalı kənd orta məktəbində təhsilini başa vurur. 1953-cü ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunur.
Əlibala Hacızadə gənc yaşlarından ədəbi yaradıcılığa maraq göstərir. “Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə, 21 yaşında “Gəncliyin səsi” almanaxında dərc olunur. Bundan sonra dövri mətbuatda imzası mütəmadi görünməyə başlayır. Çox keçmir gənc yazıçının “Heykəl gülür”, “Pəhləvan”, “Cehiz” hekayələri işıq üzü görür və oxucular tərəfindən maraqla qarşılanır. Ədəbi tənqidin qənaətinə görə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yenilik elmi mühitin təsviri olub. Belə ki, onun “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları bir növ elm adamlarının həyatına işıq tutub. O, 1980-ci illərin ikinci yarısında qələmə aldığı “Möcüzə” romanında isə dövrün mürəkkəb ictimai proseslərini diqqət mərkəzinə çəkib.
Yazıçı 1966-cı ildə ali təhsilini başa vurur və tərcüməçi kimi Əfqanıstana göndərilir. Burada dörd il fəaliyyət göstərir. Ölkədə baş verən hadisələri müşahidə edir. “İtkin gəlin”, “Əfsanəsiz illər” və “Ayrılığın sonu yoxmuş” (trilogiya) romanlarını qələmə alır.
Müəllifin işıq üzü görən əsərləri sürətlə satılır və əldən-ələ gəzir. Geniş oxucu kütləsi arasında dərin marağa səbəb olur. Qeyd edilir ki, 1980-ci illərdə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev pambıqçılıq rayonlarından birində olur. Hansısa kolxozun qabaqcıl pambıqçılıq briqadasına gedir. Pambıqçı qızlar onun ətrafına toplaşır. Ulu öndər o vaxt onlara ağır zəhmətləri üçün təşəkkür edir və soruşur:
– Bəlkə bir şeyə ehtiyacınız var. Maşına, mebelə... utanmayın, deyin! İstəyiniz yerinə yetiriləcək.
Pambıqçı qızlardan biri deyir:
– Heç nəyə ehtiyacım yoxdur. Ancaq bir istəyimiz var. Bu yaxınlarda yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” adlı kitabı çap olunub. Ondan bizim kənddə bircə nüsxə var. Onu növbə ilə oxuyuruq. Mümkünsə, deyin o kitabdan bir az çox çap etsinlər. Biz də alıb oxuya bilək.
Bu söhbətdən sonra qızların istəyi yerinə yetirilir. “İtkin gəlin” romanı iki dəfə (hər dəfə 100 min tirajla) çap olunur.
Əlibala Hacızadənin ədəbiyyatımıza gətirdiyi Əfsanə obrazı o illərin yaddaqalan obrazlarından olub. O, müsahibələrinin birində “Əfsanə həyatdan götürülən obrazdır, yoxsa təxəyyülünün məhsuludur” sualına belə cavab verib: “1966-cı ildə Əfqanıstana getdim. Onda Yazıçılar İttifaqının üzvü idim. 4 kitabım çap olunmuşdu. Oradakı insanlar da, həyat da mənim üçün təzə idi. “Qürbət hekayələri” silsiləsindən bir neçə hekayə yazdım. Sonra gördüm ki, bu hekayə çərçivəsinə sığmır. Düşündüm ki, bəlkə bir böyük əsər yazım. Süjetini qurdum, amma yaza bilmədim. Çünki bunun üçün bir təkan lazım idi. Bir gün Allah bu təkanı mənə qismət etdi. Bir gün maşınla Əfqanıstanın paytaxtı Kabil şəhərinin mərkəzi küçələrindən birində irəliləyirdik. Gördük dörd yol ayrıcında hərəkət dayanıb. Sürücüdən soruşdum ki, bax gör nə olub? Sürücü dedi ki, ağa, bir ora bax! Diqqət yetirdim və gördüm ki, ağ libaslı, son dərəcə gözəl bir qız şahanə yerişlə küçədə gedir. Elə hiss etdim ki, onun qara gözlərindən üstümə işıq seli axdı. O, çox gözəl idi. Üstündəki qiymətli daş-qaşlardan görünürdü ki, zəngin ailənin qızıdır. Başa düşdüm ki, küçənin hərəkəti onun gözəlliyinə görə dayanıb. O gözəlliyi görəndən sonra Əfsanəni tapdım”.
Yazıçının, xüsusilə, gənc oxucular tərəfindən maraqla qarşılanan əsərlərini o vaxt Xalq şairi Bəxtiyar Vahabzadə də oxuyur və bu barədə yazır: “Əlibala Hacızadə ədəbiyyatımıza nə gətirib? Onun əsərlərini oxudum, bu qənaətə gəldim ki, o bizim ədəbiyyatımıza-əsrimizə bir məişət psixologizmi gətirib. Bədii əsərdə obrazlar gərək o qədər təbii olsun ki, onların hərəkətlərinə oxucu təəccüb etməsin. Hər şey ona inandırıcı görünsün. Mən Əlibalanın romanlarında bu təbiiliyi görürəm. Yalnız öz millətini dərindən tanıyan, xalqın məişətinə, psixologiyasına, adət-ənənələrinə mükəmməl bələd olan yazıçı bu təbiiliyi qoruyub saxlaya bilər. Yazıçının birinci xüsusiyyəti odur ki, o, gərək öz xalqının Məcnunu olsun... Onu platonik məhəbbətlə sevsin. Nöqsanlarını görsün, onları dilinə gətirmək istəməsin. Bu mənada Əlibala Hacızadə öz xalqının əsl Məcnunudur”.
Onu da qeyd edək ki, ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993–1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Əlibala Hacızadə bədii yaradıcılıqla yanaşı, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı kimi elmi-tədqiqatla da məşğul olub. “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb.
Görkəmli ədib həm də bir tərcüməçi kimi tanınıb. Fars dilindən tərcümə etdiyi “Quran”ın 30-cu surəsinin təfsiri”, Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.
Əlibala Hacızadə şeirlər də yazıb, sözlərinə mahnılar bəstələnib. Məşhur “Nədəndir” mahnısı indi də dillər əzbəridir. Amma o özünü heç vaxt şair hesab etməyib.
Geniş oxucu sevgisi qazanan tanınmış yazıçı, tədqiqatçı alim Əlibala Hacızadə 8 oktyabr 2009-cu ildə vəfat edib.
Savalan Fərəcov