Avqustun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xoşbulaq yaylağında növbəti “Yaylaq günü” keçirilib.

Tədbirdə Daşkəsənin icra başçısı Orxan Abbasov, Gəncə-Daşkəsən RMİ-nin rəisi Pərvin Kazımov, mədəniyyət işçiləri, yaradıcı kollektivlər, kənd sakinləri, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Yaylaq günü”nün qeyd edilməsində məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüzilliklərlə formalaşmış yaylaq ənənəsinin təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili, eyni zamanda rayonun dayanıqlı turizm potensialının üzə çıxarılmasından ibarətdir.

Tədbir çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqi heyəti və solistlərinin, el aşıqlarının rəngarəng çıxışları, Gəncə Dövlət Dram və Kukla teatrları aktyorlarının ifasında səhnəciklər, şux rəqslər təqdim olunub. Həmçinin əl işləri və yaylaq məhsullarının satış-sərgisi olub, milli kulinariya nümunələri nümayiş etdirilib.