Dinləyicilərə sertifikatlar təqdim edilib

Aprelin 30-da Bakı Turizm Peşə Məktəbinin Təhsil-Təlim Mərkəzində mehmanxana və restoran əməkdaşları üçün təşkil olunan treninq-kursların dinləyicilərinə sertifikatlar təqdim edildi.

Kurslar Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) «Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi» layihəsi çərçivəsində aprelin 21-dən 27-dək keçirilib.
Tədbirdə çıxış edən layihənin koordinatoru Səbinə Babayeva bildirdi ki, kurslar bir neçə istiqamət üzrə reallaşdırılır: “Kurslarımız Türkiyə və Ukraynadan dəvət edilmiş mütəxəssislər, habelə yerli ekspertlər tərəfindən aparılır. Budəfəki treninqlər orta dərəcəli menecer, ofisiant və mehmanxana qeydiyyatçılarını əhatə edirdi. Treninqləri Ukraynadan dəvət edilmiş hotel-restoran biznesi sahəsində peşəkar mütəxəssis Yekaterina Şaşkova aparıb. Qonaqpərvərlik mədəniyyəti, gəlirin artırılmasında işçinin rolu, bir komandada çalışma, öz işindən məmnunluq və s. mövzular müzakirə edilib, dinləyicilərə ətraflı məlumatlar verilib. Təlimlər interaktiv şəkildə keçirilir və rol modelləri, oyunlar istifadə edilir, hər iştirakçı mövzuya uyğun öz fikrini, konsepsiyasını və bacarıqlarını göstərir».
Layihə koordinatorunun sözlərinə görə, təlimlərdə «Lake Palace», «Pik Palace», «Xəzri», «Ariva», «İlly», «Şokoladnitsa» və «Anatoliya» hotel və restoranlarının işçiləri iştirak edib. Sonda 16 nəfərə sertifikat verilib: “Bir məqamı da diqqətinizə çatdırım ki, kurslar ödənişsizdir. Məqsədimiz Azərbaycanın turizm sənayesi üçün peşəkar kadr hazırlamaqdır».
Səbinə Babayeva layihə üzrə növbəti treninqlər barədə də məlumat verdi. 19-25 may tarixlərində baş tutacaq təlimlər otaq xidmətçisi, ofisiant, somelye və menecerlər üçün nəzərdə tutulub: «Treninqlərə maraq var. Xüsusilə hotel və restoranda çalışan işçilər iştirak etməkdə çox maraqlıdırlar. Amma bəzən rəhbərləri onlara icazə vermək istəmir. Bəzi hotel və restoranların baş menecerləri anlamaq istəmirlər ki, işçilərinin bu treninqlərdə iştirakı onların özləri üçün sərfəlidir».
Ukraynalı Yekaterina Şaşkova qəzetimizə açıqlamasında bildirdi ki, dinləyicilərin treninqlərə marağı onu yaxşı mənada təəccübləndirib: “Hiss olunurdu ki, onlar əslində çox şeyi bilirlər, sadəcə, tətbiq etməyi bacarmırlar: «Dinləyicilərimiz hotel və restoranla bağlı hər şeylə maraqlanırdılar. Onların suallarını böyük həvəslə cavablandırırdım».
Həmsöhbətimiz Bakı haqqında təəssüratlarını da bizimlə bölüşdü: «Bu mənim Azərbaycana ilk səfərimdir. Bakı məni heyran etdi. Düzünü deyim ki, Bakı deyəndə sovet dövründən qalma, köhnə binaları olan bir şəhər gözlərim önünə gəlirdi. Amma çox modern və gözəl bir şəhəriniz var».

Fəxriyyə Abdullayeva
 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar