Fonddan bildirilib ki, konfransda çıxış edən Aktotı Raimkulova qonaqları salamlayaraq tədbirin yüksək səviyyədə keçirilməsində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.
A.Raimkulova qlobal mühitdə milli kimliyin formalaşması və qorunub saxlanılmasının əhəmiyyətini, Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın türk xalqlarının maddi-mədəni dəyərlərinin qorunması və təbliği sahəsində nailiyyətlərini vurğulayıb. Fondun prezidenti əcdadların zəngin irsinin gələcək nəsillərə ötürülməsinin Türk dünyası ölkələrinin başlıca vəzifəsi olduğunu qeyd edib.
Çıxışın sonunda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun himayəsi altında Özbəkistan Respublikası Hökumətinin dəstəyi və Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-cü “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO-nun nümayəndələri, xarici ölkələrdən mütəxəssislər, o cümlədən musiqişünaslar, folklorşünaslar, nüfuzlu universitetlərin rektorları, beynəlxalq elmi-tədqiqat institutları və elmi-yaradıcılıq mərkəzlərinin rəhbərləri iştirak ediblər.