Türkiyənin hava limanlarında sərnişin axını cari ilin sonuna kimi 230 milyon nəfəri keçəcək.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, müasir Türkiyə mülki aviasiya sahəsində ən geniş kommunikasiya şəbəkələrindən birinə malikdir. Ölkədə aktiv fəaliyyət göstərən hava limanlarının sayı 58-ə çatıb. Türkiyə aviaşirkətləri dünyanın 131 ölkəsinin 346 hava limanına uçuşlar təşkil edir.
Uraloğlu qeyd edib ki, 2024-cü ilin yanvar–iyul aylarında Türkiyə hava limanlarında sərnişinlərin sayı 129 milyon 738 min nəfərə çatıb, ötən ilin eyni dövründə bu rəqəm 118 milyon idi.
Nazir hava səyahətinin artan cəlbediciliyinə və Türkiyənin coğrafi üstünlüklərinə diqqət çəkib. “Türkiyədən cəmi 4 saatlıq uçuşda ümumilikdə 1,4 milyard əhalisi olan 67 ölkə var. Getdikcə daha çox insan hava nəqliyyatından istifadə edir və bu, aviaşirkətlər üçün əhəmiyyətli stimuldur”, – deyə o bildirib.