Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı yeni mövsümünə hazırlaşır. Yaradıcı heyət tamaşaçılarla görüşə sentyabrın sonlarında təhvil verilməsi nəzərdə tutulan “Ölülər”lə gəlmək niyyətindədir.
Məşqlərinə ötən mövsümdə başlanılan Cəlil Məmmədquluzadənin əsərinə teatrın gənc baş rejissoru Mir Qabil Əkbərov quruluş verir. Səhnə tərtibatçısı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan MR-in Əməkdar artisti Azər Cəfərlidir.
Şeyx Nəsrullah rolunu Xalq artisti Rövşən Hüseynov, Kefli İsgəndəri aktyor Məmməd Mehdiyev oynayır. Bundan əlavə, tamaşada Xalq artistləri Rza Xudiyev, Yasəmən Ramazanova, Əməkdar artistlər Bəhruz Haxverdiyev, Əbülfəz İmanov, Naxçıvan MR-in Əməkdar artistləri Günay Qurbanova, Səməd Canbaxşiyev, aktyorlar Nəsimi Məmmədzadə, Uğur Nəsirli, Ələsgər Quliyev, Anar Eyvazov, Saynur Babayev, Şölə Alışova, Ləman Vəliyeva və başqaları rol alıblar.
Teatrda ilin sonunadək repertuar planı üzrə daha iki əsər – Əli Əmirlinin “Xeyir xəbər” və Qriqori Qorinin “Herostratı unudun” səhnə yozumunu tapmalıdır.
Plandankənar tamaşalardan Eluca Atalının “Odunçunun nağılı” (uşaq tamaşası) oktyabrın sonlarına hazır olacaq. Əsərin mövzusu ekologiya, ətraf mühitin qorunması kimi maarifləndirici xarakter daşıyır. Tamaşa Naxçıvan MR Dövlət Energetika Xidmətinin dəstəyi ilə birgə layihə kimi hazırlanır.
Yaradıcı heyət 23-29 sentyabr tarixlərində Türkiyənin Dənizli şəhərində keçiriləcək 36-cı Dənizli Beynəlxalq Teatr Festivalına da qatılacaq. Teatr təmsilçiləri sənət bayramına Karel Çapekin “Ana” əsəri ilə qatılacaq.