Ali təhsil müəssisələrinə qəbulun nəticələri əsasında yerləşdirmənin birinci mərhələsindən sonra V qrup üzrə aktyor sənəti ixtisasında 16 yer, dekorativ-tətbiqi sənətdə (sahələr üzrə) 14 yer, dirijorluq (sahələr üzrə) ixtisasında 9 yer, operator sənəti ixtisasında 2 yer və rejissorluqda 11 yer boş qalıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Xatırladaq ki, DİM rəhbəri Məleykə Abbaszadə avqustun 26-da keçirdiyi mətbuat konfransında da V qrup ixtisasları (xüsusi qabiliyyət tələb edən) ilə bağlı məsələyə də toxunmuşdu. O diqqətə çatdırmışdı ki, hər il bu sahə, o cümlədən operatorluq, heykəltaraşlıq kimi ixtisasları üzrə dövlət sifarişli yerlər boş qalır. Bu, o demək deyil ki, bizə bu sahə üzrə mütəxəssislər lazım deyil. Digər sahəyə, məsələn, estrada sənətinə gedənlər çoxdur. Bu zaman həmin sahəyə olan tələbat müəyyən edilir. Eyni zamanda, instrumental ifaçılıqda simfonik orkestrdə olan ifaçılara tələbat nəzərə alınır, nadir alətlərin ifaçısına olan tələbat nəzərə alınır.
Qeyd edək ki, 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, V qrup ixtisaslarında 2565 ödənişli, 1549 dövlət sifarişli yerlərdə olmaqla ümumilikdə 4114 nəfər təhsil alacaq. V ixtisas qrupu üzrə 348 plan yeri boş qalıb. Boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən başlanıb və sentyabrın 2-dək davam edəcək.