Hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən reallaşan qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilir.

Mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Astara rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə nazir Adil Kərimli və rayonun icra başçısı Qəzənfər Ağayev Astara şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər. Onların müraciətlərinə xüsusi diqqət göstərilib, qaldırdıqları məsələlərə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.

***

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri tərəfindən növbəti vətəndaş qəbulu sentyabrın 13-də saat 10:00-da Naxçıvan şəhərində olacaq.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçiriləcək qəbula Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar sentyabrın 9-dək info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə yazıla bilərlər.