13-15 sentyabr tarixlərində Bakıda növbəti “Formula 1” yarışları keçiriləcək. Azərbaycan paytaxtı 8-ci dəfə dünyanın ən həyəcanlı avtomobil idmanı yarışına ev sahibliyi edəcək.
Qeyd edək ki, Qətər Dövlətinin hava yolları şirkəti – “Qatar Airways” ötən ildən F1-in yeni qlobal tərəfdaşıdır və yarışın Bakı mərhələsi tam olaraq “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi–2024” adlanır.
Sentyabrın 7-dən etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilər və keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-si gecə saat 1:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Bildirilib ki, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 1:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabrda səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək.
Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək.
Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (Böyük Qala küçəsi 41, keçmiş Ensiklopediya binası, 4-cü mərtəbə; tel: (012) 497-35-89).
Zona 2 – № 4-li Mənzil-kommunal və istismar idarəsi (Xaqani küçəsi 26/32; tel: (012) 498 88 06).
Zona 3 – № 58-li Mənzil-kommunal və istismar idarəsi (İstiqlaliyyət küçəsi 5; tel: (012) 492 41 85).
“Yaşayış yerinə giriş icazəsi”nin paylanılması 29 avqustda başlayıb və 13 sentyabradək davam edəcək.
Hər il olduğu kimi, “Formula 1 “Qatar Airways” Azərbaycan Qran-Prisi–2024” müddətində də piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Qeyd edək ki, Bakıda ilk dəfə “Formula 1” yarışları 2016-cı ildə keçirilib. Azərbaycan Qran-Prisinin yarış yolu (Bakı Şəhər Halqası) 6003 metrdir. Yarışçılar bu halqada ümumilikdə 51 dövrə (306,049 km) vururlar.
“Formula 1”in 2024-cü il təqvimi Bəhreyn Qran-Prisi ilə (29 fevral – 2 mart) başlayıb və indiyədək 15 mərhələ arxada qalıb. Yarışçılar Bakıya İtaliyadan (Monsa şəhərində 30 avqust – 1 sentyabr tarixlərində keçirilir) gələcəklər. Azərbaycan Qran-Prisi sayca 17-ci mərhələ olacaq.
İlin sonunadək daha yeddi mərhələ var. 2024-cü ilin “Formula 1” təqvimi Əbu Dabi Qran-Prisi (6–8 dekabr) ilə başa çatacaq.