Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a təxminən iki ay yarım vaxt qalıb. Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi ən irimiqyaslı beynəlxalq tədbirə hazırlıq davam edir.

Avqustun 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında komitənin bir sıra üzvləri beynəlxalq tədbirin əsas məkanı – Bakı Olimpiya Stadionuna baş çəkiblər.

Əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.

Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.

Təşkilat Komitəsinin sədri Samir Nuriyev aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

***

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıda keçiriləcək COP29 Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.

Türkiyə mediasının məlumatına görə, “Diriliş Ertuğrul” serialı ilə populyarlıq qazanan aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.

Qeyd edək ki, Engin Altan Düzyatan ötən il Dubayda keçirilən COP28-ə də qatılıb və orada Türkiyə adından plastik tullantıların və mikroplastiklərin ətraf mühitə mənfi təsiri ilə bağlı təqdimat edib.