Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazırdır.

Bunu avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Vladimir Putin 18-19 avqust tarixlərində Azərbaycanda dövlət səfərində olub. Rusiya Prezidenti avqustun 23-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremldən verilən məlumata görə, telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib. Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin blokdan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib.

Ermənistan hökumətinin bu barədə yaydığı məlumatda əlavə olaraq o da qeyd olunurdu ki, Paşinyan Rusiya rəhbərinin Azərbaycana səfəri ilə bağlı verdiyi məlumata görə ona  minnətdarlığını bildirib.

***

Rusiya hesab edir ki, Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşmaların alternativi yoxdur.

Bu barədə Rusiya Federasiyası Xarici  İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 28-də keçirdiyi brifinqdə deyib.

“Qeyd edilən razılaşmalar sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti xətti üzrə əlaqələrin inkişafı da daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas istiqamətlərini əhatə edir”, – deyə o bildirib.