Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabat hazırlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə və adıçəkilən qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli Fərmanına uyğun olaraq, DİM etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun şəkildə həyata keçirir.
Eyni zamanda DİM “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının pozulması ilə bağlı şikayət və məlumatları qəbul edir, dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, onlar tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir.
Ümumilikdə hesabat dövründə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. İntizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.