“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu arxeologiya üzrə açıq hava muzeylərinin beynəlxalq şəbəkəsinə – “Experimental Archaeology Collection”a (EXARC) üzv olub.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. “Qala” qoruğu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə olunur.
Niderlandın Lelistad (Lelystad) şəhərində yerləşən EXARC-ın institusional (təsisat, müəssisə) və fərdi olmaqla 400-dən çox üzvü var. EXARC özü də Beynəlxalq Muzeylər Şurasının tərəfdaşı və Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür.
“Qala” qoruğunun bu təşkilatda təmsil olunması Azərbaycanın əsrlər boyu məişətinin və yaşam tərzinin, eyni zamanda, tarixinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, həmçinin qoruğun dünyada tanıdılması baxımından əhəmiyyətlidir.
“Qala” qoruğu barədə məlumatlar artıq təşkilatın saytında yerləşdirilib. Məlumatda diqqətə çatdırılır ki, 1988-ci ildə təşkil edilən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu eramızdan əvvəl III minillikdən müasir dövrədək Abşeronun Qala kəndində yaşayan əhalinin həyat tərzini, kurqanlar, sərdabələr, yaşayış evləri, qəsr, məscidlər və hamamlar da daxil olmaqla, ərazidə mövcud tarixi abidələri və artefaktları qoruyub-saxlamaq məqsədilə yaradılıb. Burada qədim sənət növləri üzrə emalatxanalar fəaliyyət göstərir.
Qeyd edək ki, 2001-ci ildən üzvlük üçün açıq olan EXARC şəbəkəsində hazırda Avropa ölkələrindən 107 arxeoloji (açıq hava) muzey var.
“40-dan çox ölkədəki üzvlərlə biz bilik, təcrübə və ən yaxşı təcrübə mübadiləsi apardığı güclü dəstək şəbəkəsi təklif edirik. Əgər siz ictimai arxeologiya, eksperimental arxeologiya, qədim bacarıqlar, canlı tarix və ya təfsirlə ciddi maraqlanırsınızsa və ya onunla işləyirsinizsə, özünüzü evinizdəki kimi hiss edəcəksiniz. EXARC elm, muzeylər və ictimaiyyət arasında körpüdür. 400-dən çox üzvlə hər zaman nə etdiyinizi öyrənmək istəyən və ya öyrənmək üçün maraqlı olan kimsə var”, – deyə təşkilatın saytında (https://exarc.net/) bildirilir.
EXARC-ın institusional üzvləri arxeoloji (açıq hava) muzeylər, ali təhsil mərkəzləri, qruplar və assosiasiyalardan ibarətdir. Fərdi üzvlər sırasına isə arxeoloqlar, açıq səma altında arxeoloji muzeylərin əməkdaşları, qədim sənətkarlıq və ya tərcümə ilə məşğul olanlar, bu sahədə təhsil alan tələbələr və b. daxildir.
İstənilən şəxs və istənilən təşkilat müvafiq qaydada illik üzvlük haqqı (ölkələrin ÜDM imkanlarına görə təşkilatlar üçün 90-250 avro, fərdi şəxslər üçün 10-70 avro arasında dəyişir) ödəməklə EXARC-a qoşula bilər.