Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində şəhər Mədəniyyət Mərkəzində şəhid əsgər, komando Nicat Nəzərlinin doğum gününə həsr olunan tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva və digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı Lənkəran rayonu Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbin müəllim və şagird heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar. Sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Nicat Nəzərlinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Ülviyyə Əliyeva Nicat Nəzərlinin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını bildirib. Deyib ki, Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsi hər zaman əziz tutulacaq.
Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasında yağlı boya ilə çəkilmiş Nicat Nəzərlinin portreti şəhidin valideynlərinə təqdim edilib.
Sonra vətənsevərlik ruhunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib.
Qeyd edək ki, Nicat Mübariz oğlu Nəzərli 22 avqust 2004-cü ildə Lənkəranın Narbağı kəndində anadan olub. Ərəstun Xalıqov adına Rvo kənd tam orta məktəbində təhsil alıb. Sonra Lənkəranda 113 nömrəli texniki peşə məktəbində (indiki Lənkəran peşə liseyi) oxuyub.
Nicat Nəzərli Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi antiterror əməliyyatında iştirak edib. Sentyabrın 19-da Ağdam rayonu istiqamətində döyüşərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Narbağı kəndində torpağa tapşırılıb.
Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.