Hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”, – deyə o bildirib.

Xatırladaq ki, avqustun 30-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatı yayılıb. Məlumata görə, iki ölkə arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün protokoluna uyğun olaraq, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyanın son fikirlərinə toxunan Prezident köməkçisi deyib ki, bu açıqlamalarda kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var: “Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir. Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edir”.