Sentyabrın 2-si tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi İsmayıl Soltan oğlu Hacıbəyovun (1949–2006) anadan olmasının 75-ci ildönümüdür.
Bu münasibətlə Milli Kitabxanada “Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dilində ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, İsmayıl Hacıbəyov 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini professor Qara Qarayevin sinfi üzrə bitirib. O, Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq kimi daxil olmuşdur. Əsərləri arasında simfonik orkestr üçün uvertüra, simli kvartet, kamera orkestri üçün konsertino, skripka violonçel və orkestr üçün ikili konsert, fortepiano və orkestr üçün “Cəngi” rapsodiyası, fortepiano üçün “Vatto üslubunda eskizlər”, qarışıq xor və orkestr üçün “Memorial” kantatası və digər əsərlər xüsusi yer tutur. Üç pərdəli “Firuzə” operasının müəllifidir.
Azərbaycan Dövlət Konservatoriyasının professoru İsmayıl Hacıbəyov ömrünün sonuna kimi bəstəkarlıq və polifoniya üzrə dərs deyib.