Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.
Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma abidə haqqında məlumat verib.
Bildirilib ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992–2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə Erməni kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edilib, abidələrin bir çox hissələri vandalizmə məruz qalıb. Torpaqlarımız azad ediləndən sonra işğalçılarla bərabər monastırdakı erməni rahiblər abidələrdəki qədim freskaları xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş̧ bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç̧ kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.
2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Ermənilərin oğurlayaraq apardıqları bu artefaktlar daha sonra İtaliyanın bir neçə şəhərində “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında sərgilənib.
Qeyd edək ki, Azərbaycanın qədim memarlıq abidəsi və Qafqaz Albaniyası dövrünə aid dini məbəd kimi Xudavəng monastır kompleksinin min ildən artıq tarixi var. Monastırın bazilikası VIII–IX əsrlərdə, Arzu xatun kilsəsi XIII əsrdə inşa edilib.