Milli mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən çoxseriyalı bədii filmin çəkilişləri başa çatıb. Artıq filmin ilk treyleri də təqdim olunub.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

“Himayədar” işçi adı ilə çəkilişlərinə başlanılan filmin 15 aylıq hazırlıq və çəkiliş, 9 aylıq çəkiliş dövrü, 135 çəkiliş günü olub. Bakı Media Mərkəzində yaradılan geyim emalatxanasında ölkənin müxtəlif bölgələrində sənətkarların dövrə uyğun hazırladıqları libaslar, baş geyimləri, çəkmələr, çarıqlarla bir araya gətirilib. Bundan başqa, filmdə Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistandan zinət əşyaları və aksesuarlar kirayə götürülərək istifadə edilib. “Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbəsə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib.

Filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb. Ekran əsərində XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgələrdə baş verən mühüm tarixi hadisələr əksini tapıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.

Film yaxın vaxtlarda böyük ekranlara çıxacaq.