Tağıyev mənəvi dəyərlərimizin dünyaya tanıdılmasına da töhfələr verib

 

Sentyabrın 1-də Bakı milyonçusu, neft sənayeçisi, xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin (1838–1924) vəfatının 100-cü ildönümü tamam oldu.

Bu münasibətlə Mərdəkanda, Tağıyevin dəfn edildiyi Pir Həsən ziyarətgahında anım tədbiri keçirildi. Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) rəhbərliyi və əməkdaşları, ziyalılar, Mərdəkan qəsəbəsinin sakinləri, tələbə və şagirdlərin iştirak etdiyi tədbirdə əvvəlcə Tağıyevin, qızı Sara xanımın və tanınmış ilahiyyatçı Axund Əbu Turabın məzarları üzərinə gül dəstələri düzüldü.

Muzeyin direktoru akademik Nailə Vəlixanlı H.Z.Tağıyevin vəfatının ildönümü ilə əlaqədar muzey tərəfindən təşkil edilən silsilə tədbirlərdən söz açdı. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, böyük xeyriyyəçinin Bakıda heykəlinin ucaldılmasını çox mühüm, hər bir azərbaycanlının ürəyindən xəbər verən addım olduğunu qeyd etdi. Tağıyevin xeyriyyəçilik fəaliyyətindən danışan direktor onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasına da töhfələr verdiyini bildirdi.

ADA Universitetinin rektoru professor Hafiz Paşayev Tağıyev ənənələrinin gənc nəslə təbliğ olunmasının əhəmiyyətini vurğuladı. Rektor tələbələrin milli-mənəvi dəyərlərimizi qoruyub yaşadan, xeyriyyəçiliklə məşğul olan tarixi şəxsiyyətləri tanımalarının da önəmli olduğunu dedi.

MATM-ın elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Fərhad Cabbarov dövlətimizin Tağıyev irsinə, xüsusilə də onun vaxtilə yaşadığı evə – hazırkı Milli Azərbaycan Tarixi Muzeyinə qayğısından söz açdı. Dedi ki, Tağıyevin çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə yetərincə çatdırılması vacibdir.

F.Cabbarov həmçinin Tağıyevin Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin, təhsilinin inkişafında xidmətləri, onun təşəbbüskarı olduğu ictimai və iqtisadi layihələrin əhəmiyyətini də diqqətə çatdırdı.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, araşdırmaçı jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, şairə Mahcamal Babayeva, dinşünas-alim Soltan Əlizadə və başqaları çıxışlarında məşhur xeyriyyəçi haqqında fikirlərini bölüşdülər.

Müsəllim Həsənov Tağıyev haqqında kitabını xeyriyyəçinin ailəsinə hədiyyə etdi.

Sonda Tağıyevin nəticəsi, filologiya üzrə fəlsəfə doktoru Nazim Abdullayev anım mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirdi. O, ulu babasının xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda da tanındığını dedi.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi H.Z.Tağıyevin evi olmuş tarixi binada yerləşir. Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində mesenatın xatirə muzeyi də fəaliyyət göstərir. Muzey ölkəmizdə H.Z.Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir. Burada xeyriyyəçiyə aid əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyəti araşdırılır, əsərlər çap olunur.

Lalə Azəri