Olaylar, faktlar (5 – 7 sentyabr)

 

212 il əvvəl...

 

7 sentyabr 1812-ci ildə Rusiya-Fransa müharibəsində Borodino kəndi yaxınlığında (indiki Moskva vilayətinin Mojaysk rayonunun ərazisində) böyük döyüş olub. İki sərkərdə – Napoleon və Kutuzovun üz-üzə gəldiyi döyüşdə Fransa qoşunları məğlub olub. Napoleonun ordusu 58 min nəfər (o cümlədən 47 general), Rusiya qoşunları 44 min nəfər (o cümlədən 23 general) itki vermişdi.

 

202 il əvvəl...

 

7 sentyabr 1822-ci ildə Portuqaliyanın Cənub Amerikadakı ən böyük müstəmləkəsi olan Braziliya müstəqilliyini elan edib. Ölkə 1889-cu ildə Braziliya Federativ Respublikası, 1891-ci ildə isə Braziliya Birləşmiş Ştatları adını aldı.

 

106 il əvvəl...

 

6 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nümayəndə heyəti İstanbulda Osmanlı Sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyəti heyətinin ilk xarici səfəri idi. Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardımın göstərilməsi və Bakının azad olunması əsas mövzu olub.

 

99 il əvvəl...

 

7 sentyabr 1925-ci ildə Vyanada (Avstriya) keçirilən beynəlxalq konfransda Beynəlxalq Cinayət Polisi Komissiyası yaradılıb. 1946-cı ildə qurum İnterpol (Beynəlxalq Polis) adlandırılıb.

 

33 il əvvəl...

 

5 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılıb. Prezident Ayaz Mütəllibovun fərmanı ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin rəisi general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib.

***

7 sentyabr 1991-ci ildə erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər. İndiki Xocavənd rayonun Tuğ kəndinə silahlı basqın nəticəsində 2 sakin öldürülüb. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.

Hazırladı: V.Orxan