Beynəlxalq konqresdə İslam-türk dünyasından 35 ölkə təmsil olunub

 

Xəbər verdiyimiz kimi, Özbəkistanda keçirilən “Böyük əcdadların irsi – Üçüncü İntibahın təməli” adlı VIII Beynəlxalq konqresdə ölkəmiz də təmsil olunub.

23-26 avqust tarixlərində təşkil edilən konqresin açılışı Daşkənddə olub, konqres işini Səmərqənddə davam etdirib.

AMEA-dan verilən məlumata görə, konqresdə Azərbaycan da daxil olmaqla 35 ölkədən 300-ə yaxın alim, mütəxəssis və tədqiqatçı iştirak edib.

İştirakçılar arasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası (BTA), Al-Furqan Xeyriyyə Vəqfi, Dünya Müsəlman Liqası və digər beynəlxalq təşkilatların nümayəndələri olub.

Açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqresin iştirakçılarına təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən BTA-nın (akademiya Qazaxıstanın paytaxtı Astanada yerləşir – red.) prezidenti akademik Şahin Mustafayev Orta Asiyanın zəngin tarixi və mədəniyyətini araşdırmağa həsr olunmuş konqresin elmi cəmiyyətin birləşdirilməsi üçün əsas platforma rolu oynadığını vurğulayıb. Türk xalqlarının mədəni irsinin qorunması və tədqiqi sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edən Şahin Mustafayev BTA-nın fəaliyyəti çərçivəsində əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni təşəbbüslərdən söz açıb.

Qeyd edək ki, konqresdə plenar seanslar, seminarlar, sərgilər, turlar və “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında (Səmərqənd) iştirak da daxil olmaqla geniş elmi və mədəni proqram təqdim edilib.

Akademik Şahin Mustafayevin Özbəkistana səfəri zamanı bu ölkədəki İslam Sivilizasiyası Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum elmi məlumat mübadiləsi, kitabxanalar arasında əməkdaşlıq, birgə konfrans və seminarların təşkili, eləcə də müştərək elmi əsərlərin dərc edilməsini nəzərdə tutur.

***

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Aygül Hacıyeva Səmərqənd şəhərində keçirilən “Böyük əcdadların mirası Üçüncü İntibahın əsasıdır” adlı VIII beynəlxalq konqresdə iştirak edib. İnstitutdan bildirilib ki, alim konqresin ikinci günündə “Azərbaycanda türkologiyanın təkamülü: tədqiqatların istiqamətləri və islamlaşmanın təsiri” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi dosent Aynur İbrahimova da beynəlxalq konqresə qatılıb. Alim “Türk dünyasının ortaq mirası – folklor ənənələri” mövzusunda məruzəsini təqdim edib.