Azərbaycan muğam sənəti xalqımızın musiqi dünyasında özünəməxsus yer tutur. Bu sənətin nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çatmasından görkəmli xanəndələrin müstəsna xidmətləri olub. Muğam ifaçılığının yaşadılması bu gün bu sahədə təhsil alan gənclərdən və onları yetişdirən pedaqoqlardan çox asılıdır.

Ölkəmizdə xanəndəlik sənətinə maraq ildən-ilə artmaqdadır. Bu xüsusda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqələrin, festivalların böyük rolu var.

“Uğur sorağında” rubrikasında gənc xanəndə, ötən il keçirilən Uşaq İncəsənət Festivalının qaliblərindən Fatimə Kərimovanı oxucularımıza təqdim edirik

Əslən Laçın rayonunun Daşlı kəndindən olan Fatimə Kərimova 2008-ci ildə Bakıda dünyaya göz açıb. Paytaxtda fəaliyyət göstərən Ağdam rayon 33 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Eyni zamanda Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil alır.

Kiçik yaşlarından musiqiyə həvəs göstərib: “Bir gün musiqi məktəbindən nümayəndələr məktəbimizə gəlib dedilər ki, kim istəyirsə sənət sahəsi üzrə təhsil ala bilər. Mən bu barədə ailəmə məlumat verdim. Onu da deyim ki, atamın çox gözəl səsi və musiqi duyumu var. Babamın da yaxşı səsi olub. Atam uşaq vaxtı xanəndə olmaq istəyib. Amma bəzi səbəblərə görə bu arzusu reallaşmayıb. Mən bununla bağlı ailəmə deyəndə onlar çox sevindilər və məni musiqi məktəbinə apardılar. Məktəbdə səsimi yoxlayıb bəyəndilər. Beləcə, Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbinin xanəndəlik ixtisasına qəbul olundum”.

Fatimə ölkəmizdə və xaricdə keçirilən bir sıra müsabiqə və festivallarda iştirak edib, konsertlərdə səhnəyə çıxıb. 2022-ci ildə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsində iştirak edib. Müsabiqədə uğurla çıxış edərək azyaşlı ifaçılar arasında II yerə layiq görülüb. Gənc ifaçı bu uğurunu ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalında da təkrarlayıb: “Uşaq İncəsənət Festivalı mənim üçün uğurlu və yaddaqalan bir müsabiqə oldu. Festivalın bütün mərhələlərindən uğurla keçməyi bacardım. Sonda isə xanəndəlik üzrə 14-17 yaş qrupunda ikinci yerin qalibi oldum. Finalda Əməkdar artist, xanəndə Təyyar Bayramov və iştirakçılarla “Qarabağ” mahnısını oxuduq. Həmin çıxışımızı da heç vaxt unutmayacağam. Çox qürur hissi yaşadım”.

Bu ilin 6-9 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil olunan VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Fatimə də Azərbaycan heyəti tərkibində bədii  proqramda çıxış edib, ifası alqışlarla qarşılanıb.

Fatimənin müəllimi Habil Məmmədov 10 ildən artıqdır Gülablı kənd Uşaq musiqi məktəbində müəllim işləyir. O, Fatimənin istedadını yüksək qiymətləndirir: “Fatimə 2018-ci ildən məktəbimizdə təhsil alır. İlk dəfə ifasını dinləyəndə onun qeyri-adi səsə malik olduğunu hiss elədim. Səsinin məlahəti və çoxçalarlılığı digər şagirdlərinkindən fərqlənirdi. Mən də ilk gündən onun səsini daha gözəlləşdirən xırdalıqlar etməyə çalışdım. O, bir çox müsabiqələrdə uğurla iştirak edib, yüksək nəticələr qazanıb. Bu ilin iyunun 21-də Beynəlxalq Muğam Mərkəzində “Qarabağın səsi” adlı konsertimiz təşkil edildi. Konsertdə mənimlə birlikdə Fatimə və digər şagirdlərim də çıxış etdilər”.

Biz də Fatiməyə sevərək bağlandığı ulu muğam sənətində müvəffəqiyyətlər arzulayırıq.

Nurəddin